07.04.2021

“Müəllimlərin xüsusi təhsil bacarıqlarının inkişafı” mövzusunda onlayn seminar keçirilib

    İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin direktor və tədris işləri üzrə direktor müavinləri üçün “Müəllimlərin xüsusi təhsil bacarıqlarının inkişafı” mövzusunda onlayn seminar keçirilib.

    Seminarda rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülşən Mehdiyeva, Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın (PTPK) sədri Ruslan Kamilov, Şamaxı rayonu üzrə İnklüziv təhsil mərkəzinin koordinatoru, ADPU-nun Şamaxı filialının Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova, Cəlilabad rayonu üzrə İnklüziv təhsil mərkəzinin koordinatoru, ADPU-nun Cəlilabad filialınin baş müəllimi Əliyeva Dürdanə, “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri Mətanət Qüdsi iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açıq elan edən PTPK- nın sədri Ruslan Kamilov, "Sağlamlıq imkanları məhdud (bundan sonra SİM) olan şəxslərin təhsili və inkişafı fəaliyyətimizin əsas prioritetlərindən birini təşkil edir. SİM uşaqlara əlverişli təhsil imkanları yaratmağın və cəmiyyətə inteqrasiyaları üçün məktəb rəhbərinin üzərinə düşən öhdəliklərin önəmini vurğulayaraq bu uşaqların təhsili, inkişafı və cəmiyyətə inteqrasiyası bundan sonra da ölkəmizin təhsil siyasətində prioritet olaraq nəzərə alınacaqdır "deyə çıxışında bildirib.

    Şamaxı rayonu üzrə İnklüziv təhsil mərkəzinin koordinatoru, ADPU-nun Şamaxı filialının Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova və Cəlilabad rayonu üzrə İnklüziv təhsil mərkəzinin koordinatoru, ADPU-nun Cəlilabad filialınin baş müəllimi Dürdanə Əliyeva təqdimatlarında inklüziv təhsilin anlayışı, məqsədi, vəzifələri və əhəmiyyəti, bu sahədə qarşıda duran çətinliklər, habelə onların aradan qaldırılması yolları barədə məlumat verib.

    Seminarda rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülşən Mehdiyeva çıxışında SİM olan uşaqların valideynləri ilə işin aparılması, bu sahədə ictimaiyyətin fəal iştirakı, imkansız ailələrdə belə uşaqların təhsilinin təmin edilməsi, mənəvi ehtiyaclarının ödənilməsi, eyni zamanda onları cəmiyyətin fəal üzvü kimi formalaşmasına kömək qarşıda duran əsas vəzifələrdən biridir deyə vurğulayıb .

    "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB-nin sədri Mətanət Qüdsi, Azərbaycanda əlilliyi olan insanlara empatiya hissi quraraq yanaşmağın vacibliyini bildirib. Özünü dünya təcrübəsində sübut etmiş bir təhsil forması kimi inklüziv təhsilin ölkəmizdə də inkişaf etdirilməsi bir zərurətdir deyə çıxışında qeyd edib.

    Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Açar sözlər: ,