22.02.2021

Sağlamlıq imkanları məhdud (SİM) şagirdlərə dərs deyən müəllimlər üçün onlayn seminar keçirilib

    İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud (SİM) şagirdlərə dərs deyən müəllimlər üçün onlayn seminar keçirilib.

    Seminarda rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Balaoğlanov, Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın (PTPK) sədri Ruslan Kamilov,  Almaz Defektoloji Mərkəzinin rəhbəri Almaz Məmmədova , “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri Mətanət Qüdsi iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açıq elan edən PTPK- nın sədri Ruslan Kamilov, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin etmənin, eyni zamanda onlara əlverişli təhsil imkanları yaratmağın və cəmiyyətə inteqrasiyaları üçün müəllimlərin üzərinə düşən öhdəliklərin önəmini vurğulayıb.

    Almaz Defektoloji Mərkəzinin rəhbəri Almaz Məmmədova “Disleksiya ”adlı təqdimatı ilə əldə etdiyi təcrübələri bölüşərək, sağlamlıq imkanları məhdud olan uşaqlarla işləməyin həssaslıq və səbr tələb etdiyini, belə uşaqların ətrafındakı valideyn və müəllimlərin dəstəyi olmazsa xəstəliklərinin daha da kəskinləşə və onların qalıcı xəsarətlər ala biləcəklərini diqqətə çatdırıb.

    “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İB-nin sədri Mətanət Qüdsi, Azərbaycanda əlilliyi olan insanların statistik məlumatlarına diqqət çəkərək, təhsildən kənarda qalan uşaqların olduğunu, bunun qarşısının alınması üçün valideynlərin maarifləndirilməsinin vacibliyini bildirib. Dünyanın bir çox ölkələrində (Böyük Britaniya, ABŞ, İsveçrə və s.) xüsusi qayğıya ehtiyacı olan uşaqların digər yaşıdları ilə birlikdə məktəbəqədər və ümumtəhsil müəssisələrində təhsilə cəlb edildiyi, inklüziv təhsilin inkişafının dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycan təhsil siyasətinin də əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

    Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Açar sözlər: ,  ,