01.06.2016

“Kənd məktəbindən dünyaya”

26 may 2016-cı il tarixində İsmayıllı Rayon Təhsil Şöbəsinin dəstəyi ilə Topçu kənd tam orta məktəbində "İKT imkanlarından səmərəli istifadə etməklə tədrisin keyfiyyətinin yüksəldilməsi, tərbiyə prosesində multikultural dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi yolları” mövzusunda  beynəlxalq elmi-praktik konfrans  keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının  2016-cı ili “Multikulturalizm ili”  elan edilməsi barədə imzaladığı Sərəncama əsasən  təbdirlər planına uyğun olaraq təhsil ictiamiyyəti ilə belə bir konfransın təşkili ölkəmizdən kənarda yaşayan soydaşlarımızla, eyni zamanda digər mədəniyyətləri təbliğ edən həmkarlarımızla daha sıx əlaqə yaratmağa, onları daha yaxından tanımağa və xalqın hər bir nümayəndəsinin bir-birinə qayğı və hörmətlə yanaşmağa səsləyən bir təşəbbüsdür.

Tədbirdə rayon Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin fənn müəllimləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Konfransdan əvvəl iştirakçılar Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər, abidənin üzərinə əklil və gül dəstələri qoydular. İştirakçıları məktəbin foyesində təşkil edilmiş sərgidə kəndin və məktəbin tarixini əks etdirən ekspanatlarla tanış oldular. Məktəbin müəllim və şagird kollektivinin qazandıqları uğurları əks etdirən fəxri fərmanlar və medallardan ibarət stend və şagirdlərin əl işlərindn ibarət sərgi də xüsusi maraq doğurdu.

Konfransın birinci hissəsində məktəbin müəllimləri Azər Məmmədov (III sinif, həyat bilgisi), Tünzalə Məhərrəmova (VI sinif, ingilis dili), Aynurə Məmmədova (V sinif, informatika) , Dürdanə Bünyatova (I sinif, riyaziyyat), Sevinc Hüseyinova (VII sinif, riyaziyyat), Ayşə Abdullayeva (IV sinif, Azərbaycan dili) Gülər Babayeva (I sinif, Azərbaycan dili), Ləman Səlimova (VII sinif, Azərbaycan dili), Zülfüqar Şiralıyev (IX sinif, Fizika), Rəşadət Abdulov (VIII sinif, Azərbaycan tarixi), Cəmilə Qəribova (VIII sinif, coğrafiya) açıq dərsləri dinlənildi və müzakirə edildi.

Konfransın ikinci hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Plenar iclası giriş sözü ilə RTŞ-nin aparıcı məsləhətçisi, Əməkdar müəllim Şəfaqət Rəsulov açaraq təlim-tədris prosesində İKT-dən istifadə imkanları  və eyni zamanda müasir dövrümüz üçün çox aktual olan multikultral dəyərlərin əhəmiyyətindən danışdı. Topçu kənd tam orta məktəbin direktoru Xavər Allahverdiyeva tədris ilində rəhbərlik etdiyi müəssisənin  qazandığı böyük nailiyyətlərdən və məktbdə İKT-dən istifadənin vəziyyətindən ətraflı məlumat verdi.

Topçu kənd tam orta məktəbinin tarixini əks etdirən videoçarx nümayiş etdirildi.

Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyevanın “Azərbaycan Respublikası Prezidentinin  11 yanvar 2016-cı il tarixli müvafiq Sərəncamına uyğun olaraq rayonun təhsil müəssisələrində multikultural dəyərlərin  formalaşdırılması və qorunması yolları”,  Topçu kənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi Aynurə Məmmədovanın “İKT imkanlarından istifadə etməklə “Active inspire”  funksiyalarının tətbiqi təcrübəsi”, Sumağallı kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Asif Seyidovun  “Müasir İnnovasiyaların imkanlarından istifadə etməklə təhsil müəssisələrində işgüzar təlim mühitinin yaradılması yolları”  mövzularında məruzələri dinlənildi.

Konfransın və açıq dərslərin ən çox maraq doğuran hissəsi məktəbin İngilis dili müəllimi Tünzalə Məhərrəmovanın VI sinifdə, riyaziyyat və informatika müəllimi Aynurə Məmmədovanın V sinifdə, ibtidai sinif müəllimi Dürdanə Bünyatovanın I sinifdə  təşkil etdiyi dərslərdə dünyanın müxtəlif məktəbləri ilə skype bağlantısının qurulmasıidi.

Konfransı  rayonumuzun bir sıra şəhər və kənd orta məktəbləri ilə yanaşı, Rusiya Federasiyasının  Moskva təhsil müəssisələri şəbəkəsinə aid olan yeganə Azərbaycan məktəbi kimi fəaliyyət göstərən Kərim Kərimov adına 1583 nömrəli beynəlmiləl təhsil kompleksi, Çelyabinsk vilayəti 23 nömrəli gimnaziyası Gürcüstanın Bolnisi rayonunun ən böyük kəndi sayılan  Talaveri 1 nömrəli tam orta məktəbi , müxtəlif mədəniyyətləri təmsil edən Hindistan, Misir  məktəbləri və Rusiyanın sı, Sudanda fəaliyyət göstərən Oxford məktəbinin də internet vasitəsilə bu konfransda iştirakı qarşıya qoyduğumuz məqsədə nail olmaqda vasitəçi oldular.  İsmayıllı təhsil şöbəsinin metodisti əməkdar müəllim Şəfaqət Rəsulovun xüsusi əməkdaşlıq dəstəyi və İsmayıllı 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Mahmudovanın koordinatorluğu ilə baş tutan bu konfransda  Topçü kənd orta məktəbində keçirilən açıq dərslər, konfransın plenar hissəsində multikulturalizm və təhsil mövzusunda söylənilən  mühazirələr, təqdimatlar, İvanovka kənd tam orta məktəbinin müəllim və şagirdlərinin aidiyyatı mövzuda apardıqları təqdimat və onların Moskva məktəbliləri ilə debatı, Hindistan Gandhinagar Müəllimlər İnstitutunda  ingilis dilini xarici dil kimi tədris edən ELT mütəxəssisi, Belçikada nəşr olunan Arachneed jurnalının baş redaktoru  Arnav Anjarianın, Sudanda fəaliyyət göstərən Oksford məktəbinin ingilis dili müəllimi Jalaluddin Xanın internet vasitəsilə izlədikləri ingilis dili dərsinə mütəxəssis olaraq verdikləri müsbət rəy konfrans iştirakçıları tərəfindən yüksək maraqla qarşılandı. Kənd məktəbi olmasına rəğmən texnologiyalardan tədrisdə belə bacarıqla istifadə olunması və eyni zamanda belə bir konfransın təşkilinə göstərilən təşəbbüs də rəğbətlə qiymətləndirildi.

Sonda çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Əməkdar müəllim Rasim Orucov Azərbaycan Təhsilinin və multikultural dəyərlərinin dünyaya inteqrasiyasında mühüm rolu olan bu cür tədbirin təşkilində əməyi olanlara dərin minnətdarlığını bildirdi. Bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini qeyd etdi.

Yekunda Topçu kənd tam orta məktəbinin bir qrup müəllimi Təhsil Şöbəsinin və TİAHİRK-nin   Fəxri fərmanları ilə təltif edildilər, hədiyyələrlə mükafatlandırıldılar.

 

Metodik Kabinetin direktoru:  H. Əsədov

Metodist: R. Mirzəliyeva

Metodist: R. Məmmədov