14.06.2018

Qalacıq məktəbində möhtəşəm “Son Zəng”  tədbiri keçirilib

İyunun 14-də İsmayıllı rayonu T. Xanadanov  adına Qalacıq kənd tam orta məktəbində "Son zəng" tədbiri keçirilib. Tədbirdə 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadov, İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının Qalacıq İƏD nümayəndəsi Təbriz Eminov, Qalacıq kənd Bələdiyyəsinin  nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.

Tədbir məzunların Azərbaycanın Dövlət Bayrağını meydana  gətirməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

 Məktəbin direktoru Rusan Qasımov təntənəli surətdə şənliyi açıq elan edərək qonaqları salamlayıb. R. Qasımov çıxışında sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərin yerli və beynəlxalq tədbirlərdə əldə etdikləri uğurlardan danışıb. Həmçinin təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açıb. Qalacıq kənd tam orta məktəbinə göstərilən diqqət və qayğı üçün minnətdarlığını bildirib.

3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadov çıxış edərək “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb. Məzunların həyatında yeni mərhələnin açıldığını deyən natiq onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.

Qalacıq kənd üzrə icra nümayəndəsi Təbriz Eminov İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının təbrikini tədbir iştirakçılarına və məktəbin müəllim kollektivinə çatdıraraq öz adından da cəmiyyətimizin gələcək qurucularına uğurlar arzulayıb.

Çıxış edənlər arasında məzunların birinci sinif rəhbəri və XI sinifin sinif rəhbəri, əvvəlki illərdə məktəbimizi bitirən və yüksək nəticələrlə respublikanın ali məktəblərini qazanan məzunlar və valideynlər  də var idi. İlk sinif müəllimlərinin və körpə fidanların çıxışları xüsusi diqqət çəkib. Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

Məzunlarımızın rəngarəng şerləri və şən mahnıları tədbirə xüsusi rəng qatıb. Məzunlar məktəblə və müəllimləri ilə son dəfə vidalaşaraq xatirə rəsmləri çəkdiriblər.  Qalacıq kənd Bələdiyyəsinin hədiyyələri məzunlara təqdim olunub, simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub.

Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.


Açar sözlər: ,  ,