23.05.2018

Cümhuriyyətin 100 illiyi qeyd olunub  

İsmayıllı Rayon Lahıc qəsəbə tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şanlı İstiqlal tariximiz” adlı tədbir keçirilib. “Cümhuriyyəti İli”nin tədbirlər planına uyğun olaraq təşkil olunan İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Təhsil Şöbəsinin əməkdaşları, Lahıc qəsəbə İcra Nümayəndəsi Fikrət Haqverdili, fənn müəllimləri, şagirdlər və qəsəbə sakinləri iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Hikmət Haqverdili  Azərbaycan Cümhuriyyətinin şanlı istiqlal tarixi haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Daha sonra çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçirilir, kitablar nəşr olunur. “Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu”.

Sonda, məktəblilərin təqdimatında şeirlər, ədəbi-bədii kompozisiyalar, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,