20.04.2018

Təhsilin inkişafı gələcəyin inkişafıdır adlı konfrans keçirilib

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür. . Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ümumi təhsilin inkişafına dövlət qayğısı xeyli güclənmişdir. Ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin pulsuz verilməsi, təlim-tərbiyə şəraitinin yaxşılaşdırılmasına, növbəliliyin əsaslı şəkildə azaldılmasına xidmət edən yeni məktəb binalarının inşası, köhnəlmiş məktəblərin əsaslı təmiri, o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təchizi, pedaqoji və rəhbər pedaqoji kadrların seçilib yerləşdirilməsində ciddi qayda dəyişikliklərinin edilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində sağlam rəqabətin yaranması və onların əməkhaqqının artırılması ilə nəticələnən diaqnostik qiymətləndirmənin keçirilməsi, dərs ilinin müddətinin uzadılması, istedadlı şagirdlərin olimpiada hərəkatının gücləndirilməsi, dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsinin tətbiqi də ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli tədbirlərdəndir. Bununla belə, ümumi təhsilin hazırkı keyfiyyət səviyyəsinin davamlı surətdə yaxşılaşdırılması üzrə əsaslı tədbirlərin görülməsi ən zəruri vəzifə kimi meydana çıxır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2017-2018-ci dərs ilini ölkənin dövlət ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan etmişdir. Bu istiqamətdə İsmayıllı rayon Təhsil Şöbəsində fəaliyyət planı hazırlanmış, coxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 
        Aprelin 20-də Qaraqaya ümumi orta məktəbində ”Təhsilin inkişafı-gələcəyin inkişafıdır” mövzusunda kecirilən konfrans təhsildə keyfiyyətin yüksəldilnməsinə xidmət edən tədbirlərdən biridir. Tədbir iştirakçıları ilk öncə məktəbin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi, kəndin və məktəbin tarixini əks etdirən muzey və müəllim-şagird kollektivinin uğurlarını əks etdirən stendlərlə tanış oldular. Muzey və stentlər tədbir iştirakçılarının marağına səbəb oldu. 
Konfransdan öncə II sinifdə riyaziyyat fənnindən “Vurma və bölmə əməlləri”, III sinifdə Həyat bilgisi fənnindən “Bayramlarımız”, V sinifdə ədəbiyyat fənnindən “Xarı bülbül”, VI sinifdə xarici dil fənnindən “Planetlər”, VIII sinifdə coğrafiya fənnindən “İnkişaf etməkdə olan ölkələr” mövzularında açıq dərsləri dinlənildi və müzakirə edildi. 
          Konfrans Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Məktəbin və kəndin tarixindən bəhs edən videoçarx nümayiş etdirildi. Məktəbin direktoru Asif Soltanov çıxış edərək məktəbin tarixindən, qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən ətraflı məlumat verdi. Təhsil uğurlarının qazanılmasında müəllim-şagird-valideyin üçlüyünün birgə əməkdaşlığına diqqət çəkdi. 
Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxış edərək “Təhsildə keyfiyyət ili” çərçivəsində rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq keçirilən bu cür tədbirlərin əhəmiyyətindən bəhs etdi, bu istiqamətdə ümumtəhsil məktəblərinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etdi. Aparılan uğurlu təhsil islahatlarının nəticəsi olaraq ölkəmizin regionun ən inkişaf etmiş ölkəsinə çevrilməsinin buna bariz nümunə olduğunu vurğuladı.
          Təhsil Şöbəsinin metodisti Sədəf Mikayılovanın “Təhsilin inkişafı-gələcəyin inkişafıdır” mövzusunda məruzəsi dinlənildi və məruzə ətrafında çıxışlar edildi. 
Sonda Metodik Kabinetin direktor Şahin Gənciyev cıxış edərək keçirilən açıq dərslərdən və açıq dərslərin əhəmiyyətindən bəhs etdi, bu cür tədbirlərin davamlı olaraq keçiriləcəyini vurğuladı.


Açar sözlər: ,  ,  ,