21.02.2018

“Təhsildə keyfiyyət ili” ilə əlaqədar növbəti tədbir keçirildi

Fevralın 21-də İsmayıllı rayon Təhsil Şöbəsinin dəstəyi ilə Qalınçaq kənd tam orta məktəbində Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq “Təhsildə dəyərlər ilindən keyfiyyət ilinə doğru” adlı elmi-praktik konfrans keçirildi. Konfrans 2017-2018-ci dərs ilini “Təhsildə keyfiyyət ili” elan edilməsi, Təhsil Nazirliyinin tədbirlər planından irəli gələn tələblərin yerinə yetirilməsi məqsədini daşıyırdı.

Konfransda İsmayıllı rayon Təhsil Şöbəsinin əmkdaşları, ətraf məktəblərin direktorları, fənn müəllimləri, ictimaiyyət nümayəndələri, valideyinlər iştirak edirdi.

İştirakçılar məktəbin foyesində təşkil edilmiş sərgidə kəndin və məktəbin tarixini əks etdirən ekspanatlarla tanış oldular. Məktəbin müəllim və şagird kollektivinin qazandıqları uğurları əks etdirən fəxri fərmanlar və medallardan ibarət stend, şagirdlərin əl işlərindn ibarət sərgi də xüsusi maraq doğurdu.

Konfransın birinci hissəsində məktəbin müəllimləri Hənifə Məmmədova (I sinif, Azərbaycan dili), Südabə Nuriyeva (III sinif, riyaziyyat), Sevinc Tarveriyeva (IV sinif, riyaziyyat), Pərvin Qarayeva (V sinif, ingilis dili), Reyhan Xəlilova (IX sinif, biologiya), Gülağa Hidayətov (VI sinif, riyaziyyat), Həsən Adgözəlov (VII sinif, Azərbaycan dili), Orxan Əhmədov (VIII sinif, tarix ), Xəzri Muradovun (IX sinif, Azərbaycan dili ) açıq dərsləri dinlənildi və müzakirə edildi

Konfransın ikinci hissəsi 26 fevral Xocalı faciəsində dünyasını dəyişmiş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət  Himnimizin səslənməsi ilə başlandı. Şagirdlərin ifasında Xocalı faciəsinə həsr edilmiş kompozisiya maraqla səsləndirildi.

Konfransı giriş sözü ilə açan məktəbin direktoru Xailid Seyidov məktəbin tarixindən, nailiyyətlərindən qarşıda duran məsələlərdən və problemlərdən ətraflı bəhs etdi.

Kəndin və məktəbin tarixindən, uğurlarından bəhs edən film nümayiş etdirildi.

Təhsil Şöbəsinin metodisti Xalid Allahverdiyev “Təlimdə keyfiyyət əsas şərtdir” mövzusunda məruzə etdi. Məruzə ətrafında çıxışlar dinlənildi.

Məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Qalib Hüseyinov “Təhsildə keyfiyyət və innovasiyalar” mövzusnda çıxış edərək məktəbdə müasir innovasiyaların istifadə vəziyyətindən və qazanılan uğurlardan ətraflı bəhs etdi.

“Fəal təlim metodlarının dərsə tətbiqi” mövzusunda çıxış edən məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Ruslan Musayev fəal təlim metodları ilə qurulan dərsin üstünlüklərindən, bu zaman qarşıya çıxan problemlərdən bəhs etdi.

Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Şəfaqət Rəsulov, Metodik Kabinetin direktoru Şahin Gənciyev çıxış edərək “Təhsildə keyfiyyət ili”nin elan edilməsi ilə əlaqədar qarşıda duran məsələləri vurğuladılar. Bu cür tədbirlərin təhsilin keyfiyyətinə verəcəyi töhfələri qeyd etdilər. Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq bu və ya digər səpkidə çoxsaylı tədbirlərin keçiriləcəyini bildirdilər. Çıxış edən digər tədbiri ştirakçıları tədbir haqqında fikir və mülahizələrini bölüşdülər.

Yekunda Qalınçaq kənd tam orta məktəbinin bir qrup müəllimi Təhsil Şöbəsinin və TİAHİRK-nin   Fəxri fərmanları ilə təltif edildilər, hədiyyələrlə mükafatlandırıldılar.