11.05.2017

Məktəbin ərazisində maraqlı guşə yaradıldı

    Hər bir ümumtəhsil məktəbində olduğu kimi Qoşakənd kənd tam orta məktəbində də vətənpərvərlik tərbiyəsi ilə yanaşı şagirdlərin ekoloji və əmək tərbiyəsi də daima diqqət mərkəzində saxlanılır. Qoşakənd kənd tam orta məktəbində bu istiqamətdə mühüm işlər görülməkdədir. Məktəb rəhbərliyinin daima diqqət mərkəzində olan bu məsələ məktəb rəhbərliyinin iş planına daxil edilməklə yanaşı, bu sahədə əməli işlər də görülməkdədir. Belə ki, məktəbin direktoru Ziyəddi Mövlamovun təşəbbüsü ilə Ümummilli Lider HeydərƏliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində məktəbin həyətyanı sahəsində “Ay-ulduz” və “Buta” formalı yaşıllıq guşəsi düzəldilərək gül kolları, dekorativ ağaclar və müxtəlif növ çiçəklər əkildi. Məktəbin ərazisindəki ağacları və gül kollarını suvarmaq üçün yüz əlli metr məsafədən içməli su xətti çəkilərək yeni istifadəyə verilən bulağa birləşdirildi. 
    Məktəbdə Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr edilmiş tədbir də təşkil edilmişdir. Tədbirdə çıxış edən məktəbin direktoru Ziyəddin Mövlamov Ulu Öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Digər natiqlər həmçinin Heydər Əliyevin dövlətimizə və xalqımıza verdiyi əvəzolunmaz töhfələrdən bəhs etdilər.
    Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya, söylədikləri şeirlər və mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılandı. 
    Sonda məktəbin direktoru ictimai işlərdə fəallıq göstərən bir qrup müəllimə Fəxri fərman təqdim etdi.