02.03.2017

İsmayıllı şəhər 3 saylı məktəb-liseydə Məktəb Kiçik Akademiyasının konfransı keçirildi

 

 E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə müəllim Aynurə Kərimovanın rəhbərliyi və tərbiyə işləri üzrə direktor müavini Mətanət Abbasovanın təşkilatçılığı ilə Məktəb Kiçik Akademiyasının konfransı olub. Konfransda MəktəbKiçik Akademiyasının, Şagird Elmi Cəmiyyətinin üzvləri ilə yanaşı Rayon Təhsil Şöbəsinin əməkdaşları Şəfaqət Rəsulov, Rəşid Məmmədov, Vəfa Ağayeva, Sevda İsmayılova, şəhər məktəblərindən MəktəbKiçik Akademiyalarını təmsil edən şagirdlər  və elmi himayəçilər iştirak ediblər.

    Məktəb Kiçik Akademiyasının humanitar, təbiət, texniki bölmələrinin hesabatı dinlənilib. Hami müəllimlər Aynurə Kərimova, Tamella Niftiyeva və Brilyant Mursalovanın rəhbərliyi ilə müxtəlif fənlər üzrə şagirdlərin apardığı tədqiqatlar iştirakçılara təqdim olunub. Texniki fənlər üzrə 9-cu sinif şagirdləri Məmmədli Aysel və Cəfərov Misirin təqdimatında “Biz gələcəkdə hansı yenilikləri etmək istərdik” layıhəsi çərçivəsində  informatikadan “Sensorlu klaviatura”, “Qoruyucu ekran” və b. araşdırmaların həyata keçiriləcəyi qeyd olunub, riyaziyyatdan “Qızıl qaydanın payız fəslində təbiətə tətbiqi”, “Bərabəryanlı və düzbucaqlı trapesiyanın  bəzi xassələri” mövzusunda araşdırmalar təqdim edilib.

    Humanitar bölmə üzrə “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində Quba, Qusar, Xaçmaz rayonlarına səyahət edən şagirdlərin səyahəti və təəssüratları İlknur Muradın təqdimatında dinlənilib. İsmayıllının tarixi abidələrinin araşdırılması məqsədi ilə Basqal qəsəbəsinə səyahət edən şagirdlərin “Basqalın tarixi abidələri” haqqındakı araşdırmalarını VIII sinif şagirdi Nilufər Qəhrəmanova təqdim edib.

    Təbiət bölməsi üzrə Şagir Elmi Cəmiyyətinin üzvü olan 7-ci sinif şagirdlərinin “Dərman bitkiləri”  haqqında apardığı araşdırmaların təqdimatı və nümunələrin sərgisi  konfrans iştirakçılarının xüsusi marağına səbəb oldu.

    Konfransın sonunda Kiçik Akademiyanın işində fəal iştirak edən şagirdlərin təqdimatları məktəbin direktoru Əhmədağa Ələkbərov, Rayon Təhsil Şöbəsi təmsilçiləri, qonaq qismində iştirakçı müəllimlər və məktəb rəhbərliyi tərəfindən dəyərləndirilərək  həmin şagirdlərə tərifnamələr təqdim edilib.