02.02.2017

Əlaçı şagirdlərin birinci rayon forumu keçirildi

    İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində təhsil alan şagidlərin I ümumrayon formu keçirildi. Forumda rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, 3 saylı Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadov, idarə-məssisə rəhbərləri, valideyinlər və ictimiyyət nümayəndələri iştirak edirdilər

     “Təhsil əlaçılığından həyat əlaçılığına” devizi altında təşkil olunan forumda rayon üzrə 2025 nəfər əlaçı şagirdi təmsil edən yuxarı siniflərdən 200 şagird iştirak edib 

     Forum Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başladı. Mədəniyyət sarayının foyesində məktəb şagirdlərinin tədris ili ərzində qazandıqları uğurları əks etdirən diplom, fəxri fərmanlardan və əl işlərindən ibarət sərgiyə baxış keçirildi. 

    Forumu giriş sözü ilə açan Təhsil Şöbəsini müdiri Rasim Orucov çıxış edərək 2016-2017-ci tədris ilinin birinci yarısında qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən və problemlərdən ətraflı bəhs etdi. Rasim müəllim bildirdi ki, İsmayıllının təhsil nailiyyətləri ardıcıl olaraq artmaqdadır. Təkcə ötən təhsil ilində test imtahanlarından uğurla keçən 300 nəfərdən çox məzun universitetlərə qəbul olunub. Onlardan 28 nəfər 600-dən yuxarı bal toplayıb. Şəhər 5 saylı tam orta məktəbin məzunu Ağalətif Lətifov 700 bal qazanıb. Hər il qəbul imtahanlarında yüksək nəticələr göstərən tələbələr üçün rayonda “Təhsil bayramı” keçirilir. Rayonun 22 məktəbi “Ən yaxşı məktəb” müsabiqəsinin qalibidir, “Ən yaxşı müəllim” müsabiqəsində isə bu şərəfli ada çatanlar 26 nəfərdir. Rayonun 12 nəfər müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

    Forumda çıxış edənlər əlaçılıq, ona çatmaq yollarında müəllim əməyinin səmərəli təşkili, təhsil əlaçılığının həyat əlaçılığına keçid imkanları barədə ətraflı danışıb, fikir mübadilələri aparıblar. Çıxış edən şagirdlər təhsil əlaçısı olmaq yollarında göstərdikləri səylərdən, təcrübələrindən maraqla danışıblar.

    Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Azərbaycan Gəncləri Günü münasibətilə iştirakçıları təbrik edib, əlaçı şagirdlərə təhsildə və həyatda uğurlar arzulayıb. İcra hakimiyyətinin başçısı əlaçılıq hərəkatının əsil vətəndaş kimi yetişməkdə misilsiz əhəmiyyət daşıdığını qeyd edib.

    Forumda rayon Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərəcək Əlaçılar Şurası yaradılıb.

    Sonda forum iştirakçıları respublika məktəblilərinə müraciət qəbul ediblər.


Açar sözlər: ,