03.06.2016

İsmayıllı şəhər N. Behdiyev adına 6 saylı tam orta məktəb zona birinciliyində qalib oldu

İyunun 1-də Fövqaladə Hallar Nazirliyinin (FHN) Qəbələ şəhərində yerləşən Şimal-Qərb Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi. Fövqaladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil,  Gənclər və İdman  Nazirliklərinin yerli qurumlarının dəstəyi ilə keçirilən zona yarışmasında Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan rayonunun ümumtəhsil məktəblərinin  komandalar mübarizə apardı.

 “Gənc xilasedici və yanğınsöndürən”  yarışının məqsədi ümumtəhsil məktəblərinin şagirdləri arasında fövqaladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqlərdən, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hisslərinin aşılanması, gənc nəsilə hərbi vətənpərvərlik ruhunun inkişafı, məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Yarış iştirakçıları kombinə edilmiş yanğın estafeti, maneələr zolağından, gənc ekspertlər və komandaların təqdimatı mərhələsində güclərini sınadılar. Gərgin mübarizə şəraitində keçən yarışların sonunda İsmayıllı şəhər N. Behdiyev adına 6 saylı tam orta məktəbin komandası birinci yerə, Qəbələ rayonunun ümumtəhsil məktəblərinin komandası ikinci, Qax rayonu ümumtəhsil məktblərinin komandası üçüncü yerə layiq görüldülər. Zona yarışlarında birinci və ikinci yerə layiq görülən komandalar “Gənc xilasedici və yanğınsöndürən”  yarışlarının Respublika final mərhələsinə vəsiqə qazanaraq güclərini bir daha sınayacaqlar.